Saturday, July 01, 2006


TÜRK BAHAİLƏR


Bunu qəbul etməliyik ki Şimali Azərbaycan çox cəhətdən Şərqi Avrupa karakteristiklərini gorsədir, halbuki Cənub Azərbaycan Türkləri (İran, Türkiyə, Iraq, Suriyə, Afqanistan və Urdun) daha çox Orta Şərq xususiyyətlərinə malikdirlər. Umumən Orta Şərq’də demokratikləşmənin və xususən Azərbaycan Məsələsinin Fərdi Cəhəti, iki dil və inanç azadlıqları uğrunda mubarizədən təşkil tapır. Başqa bir sözlə Orta Şərq’də dil və inanç daxil, bütün sahələrdə çeşitlilik və pluralismi qəbul etmək, bir mə’nada Demokrasi’yə gəçmək deməkdir.

Bundan suvayı, mənim Türklərin inanç sistəmlərinə toxunmağımın səbəbi; Millətimizdəki bugünkü inanç quruplarını tanımaq, bunların Azərbaycan tarixində sahib olduqları yeri dəqiqləşdirmək, nəticədə özümüzü tanımaq; və umumi İnsan Haqları çərçəvəsində bu və oxşar Türk İnanç Qurupların haqlarını qorumaq üçündür. Bir də, laik və dinə inanan Türk İnanç Qurupları və onların demokratik dini istəklərini Türk Milli Hərəkətinə enteqre edərək, bu hərəkətə güc qatmaq və Fars Şovenisminə qarşı yeni bir cəbhə açmaqdır.

Ayrıca hərəkətimiz bir Millət’in hərəkəti olduğu üçün, milləti oluşduran bütün altqurupların demokratik tələblərini təmsil etməlidir. Fərqli qurupları təmsil edəbilmək isə, öncə bu fərqli qurupları tanımaqla olar. Bu demokratik tələblər arasında Fərdi Haqlar (Dil Azadlığı, İnanç Azadlığı), Qurup Haqları (Xalqın Öz Suverən Dövlətini Qurabilmə və Öz Gələcəyini Tə’yin Etmə Haqqı) vardır. Yoxsa Bahyai Cəmiyyəti bugün Türk Milli Demokratik Hərəkətində hər hansı bir əhəmmiyyətə sahib deyildir.


Görüt: Seysan-Güney Azərbaycan


A- GİRİŞ

Bahayilik, Şeyxilik-Babilik-Bahayilik üçlü zəncirinin son həlqəsidir. Bahayilik Babiliyin, Babilik isə Şeyxiliyin davamıdır. Belə ki:

1- İslam tarix və coğrafiyasındakı bütün məzhəb və yorumları, ən geniş mə’nada iki qurupa ayirabilərik: Ortodoks İslam (Əhl-i Şəriət) və Heterodoks İslam (Əhl-i Həqiqət).

Ortodokds İslam Məzhəbləri (Sünni, Şiə, Zeydi, İbadi) Şəriət’i qəbul etdikləri halda, Hetərodoks İslam Məzhəbləri (Ələvi, İsmayili, Dürzi, Şeyxi) “Tə’vil” metodunu işlədərək Ortodoks İslam’in mudafiyə etdiyi Şəriət’i rədd elərlər.

Ələvi Məzhəbi’nin özünün bir neçə qolu vardır: Türk qol (Qızılbaş-Bəktaşilik), İrani qol (Əhl-i Haq), Arab qolu (Nusəyrilik), Vəhdət-i Vucudi qolu (Ne’mətullahi, Movləvilik v.s.)

2- Heteredoks İslam’a daxil bir də Şeyxilik adında kiçik bir sekt vardır. Farsistan’ın Fars Ostanı’nda anadan olan Əli Məhəmməd Bab adlı Fars birisi, zamanla Şeyxilik’dən Babilik adında bir dini Hərəkət başlatmışdır. O, ilk başda bir sıra demokratik karakterlərə sahib olan bu Dini Hərəkət’i daha sonra Mehdilik iddiasıyla yeni bir Məzhəb’ə, ardından da Nəbilik iddiasıyla yeni bir Din’ə (Babiliyə) çevirmişdir. Bab’ın e’damından sonra Rusya və Biritaniya dövlətləri ilə şübhəli əlaqələri olan Mirza Hüseynəli Baha tərəfindən, Babiliyin demokratik xususiyyətləri atılaraq, Bahayilik adında tamamən yeni bir Din icad edilmişdir.

Azərbaycan 19. yüzildə Babilik-Bahayiliyin həm doğuş-oluşum yeri, həm ən güclü qalası olmuşdur. Bahayiliyin günümüz Türk Hərəkətində önəmli və piratik siyasi yeri olmasa da, Azərbaycan tarixində bir neçə cəhətdən əhəmmiyyəti vardır.

B- TARİXİ BAĞLAR

Bu yeni Din’in tarixi Azərbaycan və Türklərə yaxından bağlıdır: Bu dinin (və ondan qabaqkı Şeyxilik və Babiliyin) yaradılması və yayılmasında, ən azından ilk dövründə, Türklər əsas rolu oynamışdırlar.

a-) Şeyxilik: Şeyxiliyin ilk quruçuları milliyyətcə Ərəb (Bəhreynli Şeyx Əhməd Əhsayi) və Gilək (Seyyid Kazım Rəşti) olsalar da, sonradan bu axım tamamən Türklərin hakimiyyətinə geçmişdir. Şeyxiliyin hər üç qanadının boyukbaşları Azərbaycanlı olmuşdurlar. Bunların hamısı Türkdür:
Azərbaycan bölməsi (Səqət ul-islamilər: H. M. Şəfi Təbrizi), Ruslar tərəfindən məşrutiyyət dövründə şəhid edilən Səqət ul-islam da Təbriz Şeyxilərindən idi.
Farsistan bölməsi (Hacı Kərimxan Qacar, H. M. Baqir Həmədani),
Iraq-Kuvəyt bölməsi (Uskuilər: M. M. Qaracadaği).

b-) Babilik: İlk dövrdə əsasən Azərbaycan’da xalq arasında (kəndli, əsnaf, kasiblar və kiçik dinadamları v.s.) çox sur’ətli və geniş şəkildə yayıldı. Babilik-Bahayiliyin ortaya çıxdıqları dövrlərdə Azərbaycan İran’ın ən zəngin və ən qalabalıq əyaləti idi. İran’ın özündə də Farslaşdırma və Farslaşma prosesləri başlamadığı üçün nufusun əksəriyyətini Türklər təşkil verirdi. Azərbaycan’dakı Babi cəmiyyəti Babilərin ən güclüsü və Türk xalqının daha mədəni və daha toleranslı olduğundan ötürü, və də Şeyxiliyin burada qabaqcadan geniş şəkildə yayıldığına görə, bu bölgə Babilər üçün əminamanlıq sayılırdı.

Xususiylə Xəmsə Azərbaycanı (Zəncan-Qəzvin) Babiliyin güclü qalasıydı. Bu üzdən Babilər İran’ın başqa məntəqələrindən oraya gedip yərləşirdilər. Bab’ın e’damından sonra muridlərindən milliyyətcə Türk olan Mirzə Əsədullah Dəyyani Məraği Təbrizi özünü Allah tərəfindən onun canişini e’lan etmiş faqət obir Babilər (Əzəlilər) tərəfindən öldürülmüşdü. Bu qurupa “Dəyyanilər” deyilirdi. Ayrıca Kərbəlalı bir Ərəb Təbriz’ə gəlip özünü Bab’ın canişini e’lən etmişdi. Bab’ın ən önəmli beş havvarisi Azərbaycan’dandı. Babiliyin ən ardıcıl inananları arasında Molla Məhəmməd Zəncani, Aga Seyid Kazım Zəncani, Tahirə Zərrintac Qurrət ul-eyn Qəzvini, Molla Məhəmmədəli Zunuzi, Mirzə Əsədullah Dəyyan, Mirzə Əli Səyyah, Molla Hüseyin Dəxil, Süleyman Xan, Mirzə M. Ə. Ənis v.s. kimi məşhur Türk var idi. Hətta Təhran’dakıların çoxu da Riza Xan Türkəman kimi Türk idilər.

Bab’dan sonra Babiliyin ikinci şəxsi diyəbilərik ki milliyyətcə Türk olan xanım Qurrətuleyn’dir. Şair olan və uç dildə şe’rlər yazan Qurrətuleyn, feodal əleyhdarlığı, bütün insanların, arvat-kişinin bərabərliyini mudafiə, vergilərin qaldırılması v.s. kimi demokratik məzmunlari Babiliyə soxan şəxsdir. Babilərin ən böyük usyanları və İran tarixində Azərbaycan-Türk Qacar Monarşizminə qarşı ilk silahlı xalq usyanı ginə Azərbaycan’ın Zəncan şəhərində olmuşdur. Azərbaycan-i Xəmsə Babiliyin ortaya çıxdığı ilk gündən bu hərəkətin İran’daki ən güclü mərkəzi olmuşdu. Zəncan şəhərinin məşhur ruhanisi (Huccət-i Zəncani) Babiliyə geçincə şəhər əhalisinin böyük bölümü Babiliyi qəbul etdi.

Bab’in 1850’də e’dam ədilməsindən sonra Cənubi Azərbaycan və İran’da ilk dəfə çadırasız kişilərlə elmi bəhslərə qatılan Qəzvinli Qurrətuləyn başçılığında Babi Xalq Usyanı başladı (1850-1). İran’dakı Babi Usyanlarının ən geniş və ən uzun surəni olan bu usyanda arvatlar da kişilərlə birlikdə ələ silah alıp savaşa qatıldılar. Bu xalq usyanının əzilməsindən sonra 2000’ə yaxın əsir Türk Babi linç edildi. Qurrətuleyn özü də 36 yaşında ikən Fars Mirzə Aqa Xan Nuri’nin əmriylə Tehran’ın Elxani Bağı’nda boğularaq öldürüldü. Zəncan Usyan’ı Azərbaycan’ın ortaçağ’dan modern çağa geçişinin başlanqıcı sayılır.

c-) Basqılar: Babiliklə Türkərin movcud bir başqa bağı da bu idi ki bu məzhəb-dinlər icad edilən vaxt İran’da Türk qırallığı Qacarlar iş başındaydı. Əsasən o dövürdə İran deyilən ölkə bir Türk vahid idi. Bu ölkədəki hakim də, məhkum da Türk idi. Elə buna görə Babiləri mudafiyə eliyənlər də, əzənlər də Türklərdəndi. (Eynən Məşrutə hərəkətində olduğu kimi) Türk qıral Məhəmməd Şah (ifrat dərəcədə Ələvi-Qızılbaşlığa meyilli tək Qacar şahıdır), ginə Türk olan başnazir Mirzə Ağasi’yə Bab’ın yaxalanması üçün əmir vermişdi. Bab, ən çox Azərbaycan’da inananı olduğu üçün, Azərbaycan’ın mərkəzi Təbriz’ə göndərilərək Ərk’də həbs edilip, orada Türk Şiə dinadamları tərəfindən sorquya çəkilmiş, daha sonra Azərbaycan’ın Makı şəhərində həbs edilip (Bəyan və Yeddi Dəlil’i burada yazmışdır) və Türk qıral Nasirəddin Şah’ın əmriylə, Türk Babilərə dərs olsun deyə, e’dam edilmişdir.

1852’ də Babilər Bab’ın öldürülməsinin intiqamını almaq istədilər. Türk olan Hacı Qasım Təbrizi və Sadıq Təbrizi, yinə Türk olan qıral Nasirəddin Şah Qacar’ı teror etdilər. İllər sonra Nasirəddin Şah’ın öldürülməsi sırasında İran Babilərinin sayısı 2 milyon civarında idi. Bunların mutləq əksəriyyəti milliyyətcə Türk idi. [Həm Babiliyin ən çox Azərbaycan’da yayıldığı və həm ölkə nufusunun əksəriyyəti Türk olduğu üçün]

d-) Bahayilik: Bahayiliyin doğuşu da Azərbaycan və Türklərə bağlıdır. Bu dinin quruçusu Hüseyinəli Baha -bir sıra Türkiyəli araşdırmaçıların iddiasına görə- soyca Türk Qacar aristokrat ailələrindən idi. Bahayilik də Babilik kimi, əsasən Türklər və ikinci sırada Farslar arasında yayıldı. Azərbaycan’da hətta Qacar ailəsindən, Qoşun, dövlətin yüksək rütbəli mə'murları və valilərindən, dinadamlarından da Bahayi olanlar var idi. (Mirzə Abdullah Xan Nuri, Mirzə Muin us-Səltənə, Mirzə Abdullah Xan Sərriştədar, Riza Qulu Xan Əfşar, Səyid Riza Xan Ədbar, Molla Hüseyn Xosrovşahi, Molla Əbdul Əzim Əmin-ul Uləma, Mirzə Cəlil Xoyi, Mirzə Heydərəli Uskui, Mirzə Hüseyn Milani, Haşim Fəthi Xalxali, Ağa Nəqdəli Zəncani v.s.)

Azərbaycan xususiylə Xəmsə Azərbaycanı Şiə dinadamlarının (Uləma- Molla- Tullab- Rovzəxan) geniş şəkildə Bahayiliyə geçdiyi tək bölgədir. Bahayi cəmiyyətləri ilk gündən Azərbaycan’ın hər tərəfinə Təbriz, Xoy, Zəncan, Urmu, Marağa (və Xurmazad, Məlikkəndi, Qicilu, Novruzlu, Ağca), Milan, Məməqan, Səysan (və Babakəndi, Diznab, Matanih-Mətənəq), Sayın Qala, Ərdəbil, Xalxal, Şirin Qıran, Əbhər, İştəhard v.s.’yə dağılmışdılar. Hətta bir sıra Türk oymaqları (tayfaları) məsələn Marağa Şadlu’ları, Qara Şiran’in Yurtçu’ları, Fars Ostanı’nda Hindican Afşarları Bahayiliyə geçmişdilər.

C- FARS ŞOVENİSMİ

Bahayiliyin Azərbaycan tarixi ilə sahib olduğu ən önəmli bağı, Fars Şovenism’dir. Bahayiliyin quruçuları, Babiliyin tərsinə, açıq şəkildə əmperiyalist dövlətlərin oyuncağı və mudafiəçisi idilər. Hətta bu dinin Biritaniya və Rusya tərəfindən, Babiliyin demokratik usyanlarının qabağını almaq üçün, icad edildiyi iddia edilmişdir. Gerçək nə isə, qət’i olan bir şəy vardır: Bahayi başçıları (Bahayiliyə nəsildən nəsilə inanmış siravi Bahayi vətəndaşları qəsd etmirəm) Pəhləvi Rejimin qurdurulmasıyla bu rejimin təməllərindən birini oluşdurmuş və onunla işbirliyinə girərək İngiliz məhsulu olan Fars Şovenisminin İran’da yerləşməsi və Anti-Türk politikaların icrasında böyük rol oynamışdırlar. (Əmir Abbas Hoveyda, General Əsədullah Sənii, General Pərviz Xosrəvani, General Əbdulkərim Əyyadi, General Yar Məhəmməd Saleh, Əbdulhuseyn Nəimi, Pərviz Sabeti, Hejəbr Yəzdani, Sabet Pasal v.s.).

Bahayi böyükləri İran’ın ekonomik-finans və mədəni həyatında olduqca əhəmmiyətli yerə sahib olsalar da, əsas Pəhləvi rejiminin Hərbi (Qoşun) və Təhlükəsizlik-Kəşfiyyat təşkilatlarında (SAVAK) hakimiyyət qurmuşdular. Bunlar özlərini Fars Milliyyətçiliyin (əslində isə Fars Şovenisminin) ən səmimi tərəfdarı qəbul edirdilər. Onlara görə Tanrının Bahaullah’ı Fars milləti arasından seçməsi, bu millətin başqa bütün millətlərdən daha üstün olduğunu görsədir.

D- BAHAYİ TÜRKLƏR VƏ AZƏRBAYCAN MİLLİ HƏRƏKƏTI

Azərbaycan’dakı Şeyxilərin çoxu zamanla Babiliyə, Babilərin hamısı da Bahayiliyə gəçdilər.

Bahayilik ortaya çıxdığı gündən bəri xalq və dövlət tərəfindən basqılara, qətliamlara mə’ruz qaldi. Təkcə Azərbaycan’da, Bahayi olan yüksək rütbəli dövlət mə’murları, belə hadisələrin yaranmasının qabağını, böyük ölçüdə alabilirdilər. Geçən yüz ilin başlarından Azərbaycan Bahayilərin böyük bir bölümü (%52) Türkmənistan (Aşqabad), bir bölümü (%30) Quzey Azərbaycan-Rusiya və bir bölümü də (%17) Hayfa-Akka’ya (Filistin’ə) köçdü. Bugün Təbriz (Ərk), Urmu (Umumi Hamamlar), Milan və Çəhriq’də Bahayilərin muqəddəs saydıqları məkanlar vardır.

Pəhləvi rejimində, Bahayilik rəsmi olaraq tanınmasa da, üzərlərindəki dövlət basqıları çox azaldı. İslam Cumhuriyyəti’nin qurulması və Bahayilərə qarşı olan təzyiq və basqıların artmasıyla (e’damlar, öldürülmələr; kənd və evlərinin talan edilməsi, oda verilməsi; dini və sosyal mərkəzləri, malvarlıqları, məzarlıqlarının musadirə edilməsi; iş və universitet-məktəblərdən ixrac edilmələri v.s.) yeni bir köç dalqası başladı və Bahayilərin zəngin olan qismi ölkəni tərk etdi. Buna rəğmən bugün bu ölkədə sayıları, Bahayilərin iddiasına görə, 300,000-350,000 nəfərdir. Şübhəsiz bunların ən az yarısı Türk vəya Farslaşmış Türklərdəndir.

Ələviliyin tərsinə, Bahayi Cəmiyyəti tarixdə və bugün Türk Milli Demokratik Hərəkətində hər hansı bir yer və əhəmmiyətə sahib deyildir. Buna rəğmən, Türk Millətinin bir parçası olan və Bahayiliyə nəsildən nəsilə inanmış sıravi Bahayi vətəndaşların haqlarını qoruma, Umumi İnsan Haqlarını mudafiə pirənsibinin icabıdır. İnsan Haqlarından faydalanmaq üçün də tək bir nəfərin varlığı “kifayət qədər” sayılır.

Dadaş Qraqoyunlu Qızılbaş

1 Comments:

At 11:15 PM, Blogger Unknown said...

Aşırı millətçilik araşdırmanıza mane olmuşdur, ya da daha çox ədəbiyyat əldə etmək imkanınız olmamışdır. Təklif edərdim ki, məsələyə başqa cəhətdən də baxardınız və bu günkü dünya Bəhai İcması ilə maraqlanardınız. Dediklərinizdə tarixi həqiqətlər vardır, lakin bir din bir millət üçün deyil,o milli anlayışlardan üstündür, digər tərəfdən isə həqiqi din heç vaxt bir millətin həqiqi maraqlarına zidd ola bilməz. Əgər bir ziddiyyət görürüksə, demək baxışımızı genişləndirməli, millətin və ümumiyyətlə, insanlığın həqiqi maraqlarının nədən ibarət olduğuna bir də baxmalıyıq.

 

Post a Comment

<< Home